Memarlıq təhsili sahəsində dünyaca məşhur olan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) nümayəndə heyəti (Akkreditasiya Komissiyası) Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) səfərdədir.
"Unikal" xəbər verir ki, səfərin məqsədi AzMİU-nun Memarlıq fakültəsini növbəti 5 il müddətinə akkreditasiyadan keçirməkdir.
Nümayəndə heyətində professor Karl Meddinqs, professor Frazer Bufton, professor Alida Bata və Stefani Bizli-Suffolk təmsil olunublar.
AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova akkreditasiya komissiyasının üzvləri ilə görüşüb. Rektor bildirib ki, RİBA akkreditasiyası AzMİU üçün mühüm əhəmiyyət kəsb edir. Söhbət zamanı 2019-cu ildə keçirilən akkreditasiyanı xatırladan professor Gülçöhrə Məmmədova qeyd edib ki, bu proses universitetə böyük təcrübə, eləcə də memarlıq tədrisində modern yanaşma, rəqabətədavamlı strategiya formalaşdırmaq imkanı və müasir metodika istifadə bacarığı qazandırıb.
Professor Gülçöhrə Məmmədova əlavə edib ki, ötən 5 ildə AzMİU böyük uğurlara imza atıb: “RİBA akkreditasiyası zamanı biz böyük təcrübə qazandıq. Memarlıq fakültəsində kriteriyaların RİBA akkreditasiyasının kriteriyalarına uyğunlaşdırılması növbəti uğurlarımız üçün böyük zəmin yaratdı. Ötən 5 ildə memarlıq fakültəsinin tələbə sayı artırılıb, rəqabətədavamlılıq səviyyəsi yüksəldilib, yeni, modern ixtisaslar açılıb, tədrisin səviyyəsi daha da yaxşılaşdırılıb və 2 nüfuzlu Avropa universiteti (İtaliyanın Milan Politexnik Universiteti və Böyük Britaniyanın Vestminster Universiteti) ilə ikili diplom müqaviləsi imzalanıb. Hesab edirəm ki, növbəti akkreditasiya da bizə yeni uğurlar qazandıracaq”.
Professor Carl Meddings komissiya adından çıxış edərək akkreditasiya üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və Bakıda olmaqlarından məmnunluğunu ifadə edib.
Daha sonra akkreditasiyaya dair məsələlərlə bağlı müzakirə aparılıb. Müzakirələr zamanı əsasən universitetin maliyyələşmə mexanizmi, elmi tədqiqatın səviyyəsi, inkişaf strategiyası, gələcəyə baxış və digər istiqamətlərlə bağlı məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, komissiya artıq 2 gündür ki, akkreditasiya üçün vacib olan sənədləri, kriteriyaları yoxlayır, akkreditasiyaya dair məsələlərlə bağlı Memarlıq fakültəsinin, həmçinin universitetin əməkdaşları ilə görüşürlər keçirir.
Məlumat üçün bildirək ki, AzMİU MDB məkanında ilk dəfə 2019-cu ildə 5 il müddətinə RİBA akkreditasiyasından keçib. Dünyada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU bundan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanır.