Qanadan olan balaca uşaq ən gənc rəssam kimi Ginnesin Rekordlar Kitabına düşüb.

"Unikal" xəbər verir ki, Ace-Liam Nana Sam Ankrah adlı balaca oğlan bu titula 1 yaş 152 günlük olanda nail olub.

Bu sahədə rekordlar kitabına düşmək üçün sərgidə hansısa rəsm satmağı bacarmaq və satılan rəsm əsərini çəkdiyini sübut etmək lazımdır. Azyaşlı isə Qanadakı ilk sərgisində 10 rəsm satmağı bacarıb. Balaca rəssam, hətta ölkənin birinci xanımı Rebekka Akufo-Addodan da rəsm sifarişi alıb.

Özü də rəssam olan anası Chantelle Kuukua Eghan bildirib ki, oğlunun rəssamlıq istedadı hələ altı aylıq olanda üzə çıxıb. İndiyədək çəkdiyi 15 rəsm əsərini satan Liamın əsərlərinin yaxın vaxtlarda hərraca çıxarılması gözlənilir.

Uşağın ilk əsəri "Əməkləmə" adlandırılıb. 

Ana Chantelle Kuukua Eghan da oğlunun beynəlxalq təqaüd alacağına ümid edir.

Zərifə Nağıyeva