28 May - Müstəqillik Günü və “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar Balaxanı Əməliyyat Şirkəti LTD-nin və Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Bakının Balaxanı ərazisində iməcilik və ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada Balaxanı Əməliyyat Şirkəti LTD vitse-prezidenti Əli Həsənli, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, partiyanın və şirkətin əməkdaşları, fəal gənclər iştirak ediblər.

Qeyd edək ki, aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 100-dən çox zeytun ağacı əkilib, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.