Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə Bakıda yerləşən vəkil bürolarından birinin müdiri işləmiş, təqsirləndirilən şəxs Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.

"Unikal"ın məlumatına görə, hazırda vəkil işləyən, şahid Könül Əliyeva ifadə verərək bildirib ki, Sümbülə xanımı tanıyır: "Hər ay əmək haqqımızı alırdıq. Hesabatlarımızı verirdik. Ödənilməyən əmək haqqımız qalıb büroda, mən orderləri təqdim elədim 697 manat qalıb mənə veriləsi. Dedilər bunlar Sümbülə xanımın vaxtında olub, ödəyə bilmərik.  Heç bir şikayətim yoxdur, ancaq ödənilməyən məbləğin Dövlət Sosial Müdafiə Fonduna çatacaq hissəsini ödəsinlər, gələcəkdə təqaüd alanda hesablasınlar. 59 müqavilə üzrə pulumun bir hissəsi ödənilib".

Daha sonra şahid, hazırda vəkil işləyən Rauf Abdullayev ifadə verib: "Sümbülə xanım çoxdan tanıyıram, 2007-ci ildən həmin büroda işləyirəm, Rauf müəllim təqaüdə gedəndən sonra Sümbülə xanım müdir oldu. 2018-ci ildə Sərdar müəllim müdir gəldi və bizə dedi ki, Sümbülə xanımın dövründə olan müqavilələri mənə gətirməyin, mən qəbul etmirəm. 60 müqavilə üzrə 5140 manat mənə ziyan dəyib deyirlər, ancaq müstəntiq özü bildiyi şeyləri yazdı. Deyə bilərəm ki, mən zərərçəkən deyiləm, mən şahidəm. Mənim heç bir iddiam yoxdur. Kollegiyadan da nəsə istəməyə hüququm yoxdur. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm, ancaq pulla bağlı hissəni təsdiq etmirəm".

Şahid Mehman Abbasov da ifadə verərək qeyd edib ki, əvvəlki ifadəmi təsdiq edirəm: "Mənim büroda 100-dən çox müqaviləm. Bəzən icra hakimiyyətindən müqavilə olan işlərə görə pullar ödəyirdilər, hər ay 700-800 manat pul alırdım. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fonduna verdiyim sorğuya cavab verdilər ki, 2014-2016-cı illərdə 1 saylı hüquq məsləhətxanasından heç bir ödəniş olmayıb. Vətəndaşlarla imzaladığım müqavilələrin pulunu almamışam. 19040 manat pulum ortada itib. 11379 manat mənə çatmalı idi. Mən əslində zərərçəkmiş olmalıyam. Vəkillər Kollegiyası əslində zərərçəkən deyil". 

Məhkəmə prosesi 6 iyun tarixinə kimi təxirə salınıb. 

Azər İsrafilov