Hərtərəfli tərəfdaşlıq haqqında müqavilədə iştirakçılarından birinə qarşı təcavüz olduqda, qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulub. Moskva imzalanmış sazişə uyğun olaraq Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə hərbi-texniki əməkdaşlıq imkanlarını da istisna etmir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KXDR lideri Kim Çen In ilə Pxenyanda aparılmış danışıqlarından sonra mətbuat üçün bəyanatla çıxışı zamanı söyləyib. V.Putin bildirib ki, Rusiya Prezidenti hər iki ölkənin müstəqil xarici siyasət yürütdüyünü, şantaj və diktatura dilini qəbul etmədiyini diqqətə çatdırıb.
Kim Çen In, öz növbəsində, Moskva və Pxenyan arasında bağlanmış sazişi “dinc və müdafiə xarakterli”, yeni çoxqütblü dünyanın yaradılmasını sürətləndirəcək sənəd adlandırıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Liderlər Pxenyanda aparılmış danışıqlarından sonra mətbuat üçün bəyanatla çıxış ediblər.
*** 09:21
İyunun 19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ölkə lideri Kim Çen In ilə Rusiya Prezidenti Vladimir Putinin görüş başlayıb.
"Unikal" xəbər verir ki, görüşdən əvvəl paytaxtın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Dövlət başçılarının Pxenyadakı “Kımsusan” sarayında keçirilən görüşündə Rusiya tərəfdən Baş nazirin birinci müavini Denis Manturov, Baş nazirin müavini Aleksandr Novak, xarici işlər naziri Sergey Lavrov və digərləri iştirak edir. KXDR tərəfdən isə Baş nazir Kim Dok Hun, xarici işlər naziri Soy Son Hi, iqtidar partiyanın katibi Ço n Von və digərləri var.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri iyunun 18-dən başlayıb. Bu, Rusiya dövlət başçısının 2000-ci ilin iyulundan bəri KXDR-ə ilk səfəridir.