Nəqliyyat vasitələrinin velosiped zolağından istifadə qaydaları müəyyən edilir.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər.

Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağ tərəfdə ayrıca tətbiq olunmalıdır.

Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev