İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası Qoydan kəndində olub.

"Unikal" xəbər verir ki, problemin operativ həlli üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Sürüşmə zonasında iki fərdi yaşayış evinə təhlükə yarandığı üçün iki ailənin köçürülməsi artıq təmin edilib. Onlar eyni kəndə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirilib.

Kənddaxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

*** 12:08

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdiman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mahmud Süleymanov bildirib ki, Qoydan kəndinə yaxın dağlıq yamacda baş verən torpaq sürüşməsi lil halında kəndin mərkəzinə doğru hərəkətdədir.

O qeyd edib ki, İsmayıllı rayonu ərazisində aramsız yağan yağışlar nəticəsində Qoydan kəndində 21.06.2024-cü il tarixdə axşam saatlarından başlayaraq kəndə yaxın dağlıq ərazidən yaşayış evlərinə doğru torpaq sürüşməsi müşahidə edilir.

"Sürüşmə nəticəsində Əsgər Nuru oğlu Musayevə məxsus həyətyanı torpaq sahəsində yerləşən iki fərdi yaşayış evinə real təhlükə yaranıb.

Kəskin relyefdə yerləşən Qoydan kəndinə yaxın dağlıq yamacda baş verən torpaq sürüşməsi lil halında kəndin mərkəzinə doğru hərəkətdədir.

İlkin təxirəsalınmaz tədbirlər çərçivəsində qeyd olunan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (FHN) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məlumat verilib, vətəndaş Musayev Əsgər Nuru oğlunun evdən dərhal çıxması barədə qərar qəbul edilib.

Hazırda hava yağıntılı olduğundan Girdiman və Siyəru çaylarında sel səbəbindən kəndlə nəqliyyat əlaqəsi kəsilib. Kəndin kommunikasiya xətlərinin işlək vəziyyətdə olması və təbiət hadisəsinin dinamikası tərəfimizdən nəzarətdə saxlanılır. Hava şəraiti imkan yaratdığı təqdirdə kəndin ərazisinə ağır texnikaların cəlbi istiqamətində tədbirlər görüləcək", - deyə M.Süleymanov vurğulayıb.

"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə bildirib ki, elektrik enerjisinin tam təmin olunması üçün kənd yollarının açılmasına ehtiyac var.

"Əməkdaşlarımız sözügedən kəndlərdə öz imkanları daxilində görə biləcəkləri bütün işləri görürlər və o hissələrdə elektrik enerjisinin verilməsi təmin olunur. O yerlərdə ki, texnikaya ehtiyac var, gözləmək məcburiyyətindəyik. Çünki yol bağlıdır. Yol açılan kimi qəza xidməti əraziyə keçib, hər üç kənddə sel aparan dayaqları yenisi ilə əvəz edəcək", - deyə V.Aydınoğlu bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli kənd yollarının açıq olduğunu və gediş-gəlişdə hər hansı problem olmadığını diqqətə çatdırıb.

"Hazırda bizim Lahıc yolunda müəyyən problemlərimiz var. Həmin yolda iki hissədə - Lahıc qəsəbəsinin girişində və Lahıc yolunun üzərində, bir yerdə qaya süxurları və lil qatını sel suları yolun hərəkət hissəsinə gətirib.

Bir az əvvəl Lahıc yolunda qaya süxurlarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən müəyyən çətinlik yaranıb. Hazırda ərazi texnikalar vasitəsi ilə təmizlənir. Yolboyu hərəkət olsa da, çətinlik yaranan hissədə problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Qoydan və Dvoryan kəndləri Agentliyimizin balansında deyil, amma Əhənd yolu açıqdır, o yolda da hər hansı problem yoxdur. Balansımızda olan digər kəndlərə gediş-gəlişin təmin olunması istiqamətində də işlər aparılır. Hazırda güclü yağış yağmasına baxmayaraq texnikalarımız ərazilərə səfərbər olunub və işləyirlər", - deyə A. Nəcəfli qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələrindən ibarət birgə komissiya tərəfindən qısa müddətdə əraziyə baxış keçiriləcək.

Kənd sakinlərinin verdiyi son məlumata görə isə bu dəqiqələrdə Namazgah kəndindən Lahıca gedən yolda bir neçə yerdə dağ uçqunu baş verib, bu səbəbdən gediş-gəliş tamamilə dayanıb.