İtaliyanın Toskana bölgəsinin hakimiyyət orqanları yaşamaq üçün oraya köçən insanlara pul ödəyəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

“Dağ İqamətgahı” adlanan proqram regionda azalan əhalinin sayını sabitləşdirmək səylərinin bir hissəsi kimi iyun ayında başlayıb. Bildirilir ki, 2 milyon 800 min avro məbləğində ümumi fond yaradılıb, ondan rayonun kənd yerlərində məskunlaşmaq qərarına gələnlərə maaş veriləcək. Fond insanlara 10.000 ilə 30.000 avro arasında dəyişən qrantlar ödəyəcək ki, onlar Toskanaya köçüb yaşayacaqları kənd evini təmir edə bilsinlər.

"Məqsəd, bu ərazilərin marginallaşmasına qarşı durmaqla, dağlıq ərazilərin yenidən məskunlaşması və sosial-iqtisadi canlandırılmasını asanlaşdırmaq və təşviq etməkdir", - deyə hakimiyyət orqanları bildirib.  

Proqram italyanların özləri, Aİ vətəndaşları, eləcə də Aİ-də ən azı 10 il uzunmüddətli yaşama icazəsi olan üçüncü ölkələrin vətəndaşları üçün əlçatandır. Tələblərə cavab verən ərizəçilər Toskana əmlakını əsas evlərinə çevirməyi öhdələrinə götürməlidirlər.

Proqramda iştirak üçün müraciətlər iyulun 27-də başa çatır.