Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniya səfirini UEFA-nın türkiyəli futbolçu Merih Demirala qarşı intizam araşdırması başlatması ilə bağlı vəziyyətə görə çağırıb.
"Unikal" xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Feserin UEFA-nı Merih Demirala qarşı intizam araşdırması başlatmağa çağırması ilə bağlı səfirə qəti etiraz bildirilib.
Bundan başqa Türkiyə XİN məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"İyulun 2-də futbol üzrə Avropa çempionatı çərçivəsində millimizlə Avstriya yığması arasında keçirilən oyundan sonra UEFA-nın futbolçumuz Merih Demirala qarşı intizam araşdırması açması qəbuledilməzdir.
Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda “bozqurd” işarəsi göstərən hər kəsin ifrat millətçi kimi qiymətləndirilmədiyinin vurğulandığı və “bozqurd” işarəsinin Almaniyada qadağan edilmiş bir simvol olmadığı halda, Almaniya səlahiyyətliləri tərəfindən Demirala göstərilən reaksiyalar birbaşa ksenofobiya kimi qiymətləndirilir”.
Türkiyə XİN idman müsabiqələrində sevinc nümayişi zamanı tarixi və mədəni simvolun heç kimi hədəf almayacaq şəkildə istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınadığını bəyan edib.