Azərbaycan ərazi bütövlüyünü tam təmin etdikdən sonra ilk dəfə Türk Dövlətləri Təşkilatı Azərbaycanda toplanır.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd olunub ki, sammitdə bir çox ilklərə imza atılacaq: "Sammit Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilir. Ekspertlərin fikrincə, türk ölkələri Şuşadan dünyaya çox mühüm mesaj verir: Türk dünyası arasında əməkdaşlıq artacaq. Türklər olduqları hər coğrafiyada mədəniyyət, təhsil və incəsənətdə həmişə türk imzasını qoyublar".
İyulun 5-6-da keçiriləcək Liderlərin qeyri-rəsmi Sammitində nəqliyyatdan tutmuş enerjiyə qədər bir çox məsələlər müzakirə olunacaq.
Sammit ölkələr arasında əməkdaşlığı artırmaq və gələcəyə ümumi baxışı gücləndirmək məqsədi daşıyır.
İyulun 6-da Prezident İlham Əliyevin ev sahibliyi edəcəyi sammitdə Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edəcək. Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri, müşahidəçi ölkələrin rəhbərləri də iştirak edəcəklər. Sammitə həmçinin TDT Müşahidəçilərinin rəhbərləri və TDT-nin baş katibi də qatılacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milliyə dəstək olmaq məqsədilə iyulun 6-da Almaniyaya gedəcək. Buna görə də o, Şuşa sammitinə qatıla bilməyəcək.
Ağarza Elçinoğlu