Parisin mağaza sahibləri və polisi növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələri elan edildikdən sonra baş verə biləcək iğtişaşlara hazırlaşır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Parisin əsas küçələrində yerləşən dəbdəbəli mağazaların vitrinlərinə kütləvi polad qalxanlar quraşdırılıb. Bəzi restoran və ofislərin pəncərələri taxta lövhələrlə örtülüb. Butik administratorlarının sözlərinə görə, “bu ehtiyat tədbirləri yalnız ikinci raundun nəticələrinə yekun vurulduqdan sonra baş verə biləcək iğtişaşlar fonunda həyata keçirilir”.
Hüquq-mühafizə orqanları da mümkün qarşıdurmalara hazırlaşır. Parisə gücləndirilmiş polis və jandarma bölmələri göndərilir. Onlar şəhərin əsas nöqtələrində yerləşirlər. Bundan əlavə, "Champs Elysees" boyunca avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Paris prefekturası qabaqlayıcı tədbir kimi artıq Milli Assambleyanın binası yaxınlığında kütləvi aksiyaların keçirilməsini qadağan edib.
Ölkə daxilində səsvermə günü təhlükəsizliyi 30 minə yaxın polis və jandarm təmin edir.