Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə ölümə cəhd) və 221.3-cü (silahdan istifadə etməklə xuliqanlıq törətmə) maddələri ilə təqsirləndirilən İskəndərov Elməddin Fəxrəddin oğlunun sonuncu məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqının yekunlaşması ilə əlaqədar tərəflərin münasibətini öyrənib. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Elməddin İskəndərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilənin vəkili Elmira xanım prokurorun müvəkkilinə ağır cəza istəməyindən narazı qalıb: "İlk məhkumluğu nəzərə alınmayıb, hər iki tərəf bir-birinə xəsarət yetirib, Elməddin ağır xəstədir".
Elməddin İskəndərov da son söz nitqi ilə çıxış edərək hakimdən ona ədalətli qərar çıxarılmasını istəyib.
Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra Elməddin İskəndərovu 126.2.4-cü və 221.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edib. Hakim zərərçəkmiş Mamedov Murad Elsən oğluna dəymiş 36 min manat ziyanın Elməddin İskəndərovdan alınaraq ona qaytarılması barədə qərar da qəbul edib.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Elməddin ilə Murad hər ikisi qonşuluqda kirayədə qalıblar. Hadisənin baş verməsinə səbəb tərəflərin səs-küy salması olub. Bundan sonra çölə çıxan qonşular hər ikisi bıçağa əl atıb.
Seymur Əli