44 günlük Vətən müharibəsinin iştirakçısı olan Muradov Niyaməddin Dərşad oğlunu qəsdən öldürən şəxsin Ali Məhkəməsi başlayır.
"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə 18 il azadlıqdan məhrum edilən Qarayev Bəxtiyar Vahid oğlunun məhkəmə prosesinə hakim Rəşad Abdulov sədrlik edəcək.
Cinayət işində 3 nəfər- Niyaməddin Muradov, Vüsal Əhmədov və Səriyyə Hüseynova zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, 2022-ci il avqustun 15-də Bakının Yasamal rayonu 3-cü Alatava massivi, Salamzadə küçəsində, “Betonpark” adlanan yerüstü piyada keçidin yaxınlığında qətl hadisəsi baş verib. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və qətlə yetirilən 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun meyitinə baxış keçiriblər.
Həmin gecə Bəxtiyar Qarayev Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gələrək, könüllü təslim olub və cinayəti, təqdim etdiyi qatlanan bıçaqla törətdiyini bildirib. Baxış zamanı, alətin üzərində qan izləri aşkar edilib. Anket məlumatlarına əsasən, Bəxtiyar Qarayev 1999-cu ildə Ağdaş rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məlum olub ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Müharibədə yaralanan N.Muradov ”Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.
İstintaqla müəyyən edilib ki, Bəxtiyar Qarayev avqustun 14-ü saat 22 radələrində qeyri-rəsmi münasibətdə olduğu Səriyyə Hüseynova ilə aralarında olan mübahisəni həll etmək məqsədilə 3-cü Alatava massivi, Salamzadə küçəsində yerləşən “Beton park” adlanan ərazidə görüşüb.
Qadını xəyanət etməkdə günahlandıraraq, ona məxsus, dəyəri 250 manat olan mobil telefonunu sındırıb. Sonra Bəxtiyar Qarayev Səriyyə Hüseynovanın üzünə şillə vurub və silah qismində istifadə etdiyi telefonla başına zərbələr endirib. İctimai qaydanı kobud şəkildə pozan şəxsə yaxınlaşan Niyaməddin Muradov, Vüsal Əhmədov və Nəcməddin Kurtayev qadından əl çəkməsini və səs-küy salmamasını bildirərək, yollarına davam ediblər.
Bundan hiddətlənən Bəxtiyar Qarayev arxalarınca qaçaraq onlara çatıb və dava zamanı, qisas məqsədi ilə Niyaməddin Muradova bıçaqla zərbələr vuraraq, onu öldürüb.
Məhkəmə iclasında Bəxtiyar Qarayev ittihamlar üzrə özünü təqsirli bilib. Zərərçəkmişi öldürmək niyyətinin olmadığını və onun kim olduğunu istintaq zamanı bildiyini qeyd edib.
Zərərçəkmiş şəxsin hüququ varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Zərərçəkmiş Səriyyə Hüseynova isə Bəxtiyar Qarayevlə bağlı şikayəti olmadığını və ona qanuna müvafiq cəza verilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Bəxtiyar Qarayevin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsi, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
Seymur Əli