Kreml ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına hücumu pisləyir və hesab edir ki, bu cəhd ABŞ-da hökm sürən siyasi sistemin təsiri nəticəsində mümkün olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
“Biz qətiyyən düşünmürük ki, prezidentliyə namizəd Trampı aradan qaldırmaq cəhdi ABŞ-nin hazırkı hökuməti tərəfindən təşkil edilib. Amma siyasi mübarizə zamanı administrasiyanın yaratdığı ab-hava, namizəd Trampın ətrafındakı ab-hava bu gün Amerikanın üzləşdiyi vəziyyətə səbəb olub. Biz siyasi mübarizə zamanı zorakılığın istənilən təzahürünü qətiyyətlə pisləyirik və zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq”, - deyə Peskov bildirib.
Kreml nümayəndəsi onu da qeyd edib ki, ABŞ-də formalaşmış siyasi sistem dəfələrlə xaricdə zorakılıq və təzyiq təzahürlərinə yol verib və nəticədə bu tendensiya ölkə daxilində də yayılıb.