Külli miqdarda narkotik vasitələri satış məqsədi ilə İrandan gizli yolla Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməkdə təqsirləndirilən Azər İbrahimov və Fuad Əhmədova hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxslər - Azər İbrahimov 10 il 6 ay, Fuad Əhmədova isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, ötən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edərək məhkəmədən hər iki təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Fuad Əhmədov və Azər İbrahimov 2023-cü ilin yanvar ayının ortalarında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq İrandan əldə ediblər. Daha sonra onlar həmin narkotik vasitələri Azərbaycan gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər. Cinayətkar qrupun hər iki üzvü Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Onlardan külli miqdar təşkil edən 4 kilodan artıq çəkidə kustar üsulla hazırlamış heroin narkotik vasitə ələ keçirilib.
Onlar barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli