Bakıda vətəndaşla qız adı ilə tanış olaraq ona qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.
Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.
Bu ilin fevralın 10-da Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar.
Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü" yəni fevral 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər.
İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib.
Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda Vüsalın pul kartından 999 manat, digər kart hesabından isə 196 manat pulu özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar.
Təqsirləndirilən şəxslərin hər üçü onlara qarşı elan edilən ittihamla özlərini təqsirli bilməyiblər.
Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli