Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldurmə) maddəsi ilə təqsirləndirilən şəxs Şahlar Şakir oğlu Ağayevin məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Orxan Mehdiyev ittiham aktını elan etdikdən sonra hakim təqsirləndirilən şəxsdən cinayətdə özünü təqsirli bilib-bilməməsini soruşub. Sərbəst ifadə verən Şahlar Ağayev bildirib ki, çörək və un məmulatları istehsal edən "Aleks" MMC şirkətində çörəkçi işləyib, Bakıda kirayədə yaşayıb: "Adi bir iş günü, mart ayının 12-də iş yoldaşım, şirniyyatçı işləyən Pünhandan mənə yol verməsini xahiş etdim. O soyunub-geyinmə otağında qapının ağzında durmuşdu. Mənə aqressiya ilə cavab verdi, dedi ki, "sən mənimlə dalaşa bilmərsən, mən İmişli balasıyam". Yenə fikir vermədim, çünki biz ikimiz də azərbaycanlıyıq. Sonra növbəti gün mənə çiyin atdı, üstümə gəldi, sağ qaşımın üstünü partlatdı, hətta iş yoldaşınız olan qadına da xəsarət yetirdi. Müdiriyyət işə qarışdı, mən isə barışdığımızı bildirdim. Sonra Punhan məndən mobil nömrəmi istədi. Növbəti gün məni Qara Qarayev metrosunun yanına çağırdı. Mən isə dedim ki, səninlə ancaq görüşüb xoş niyyətlə çay içə biləcəyimi dedim.
Gəldi yaşadığım Alatava qəsəbəsinə, avtomobilə oturmağımı istədi, dedi gedək çayxanaya. Mən maşına oturandan sonra sürücü ilə məni tanış elədi, dedi dostum Elmardı, bir neçə nəfər idilər. Gördüm Punhanın üstündə bıçaq var. Maşını saxlamağını istəsəm də, sürücü maşını saxlamadı, tıxacda fürsətdən istifadə edib maşından düşərək ictimaiyyətə sığındım. Ancaq o məni qırağa çəkib üzərində olan bıçaqla mədəmin üstünə bıçaq atdı. Mən zərbədən yayındım, ancaq Punhan məndən əl çəkməyəcək əlindəki bıçaqla qulağımı kəsdi. Bu barədə vəkilimdə ekspertiza rəyi var. Həmin vaxt orada Punhan tərəfdən 5 nəfər var idi. Mən çarəsiz qalıb cibimdə olan işdə istifadə etdiyim bıçağı çıxarıb bilmədim neynədim, affekt vəziyyətinə düşdüm. 2 gün sonra polis bölməsində bildim ki, ölüm hadisəsi baş verib.
Zərərçəkmişin hüquqi varisi Fərzalıyev təqsirləndirilən şəxsə oğlunu nə üçün öldürdüyünü sual verib sonra ifadə verdi: "Bütun bu işlərin səbəbkarı Aleks MMC-nin rəhbəri Maqsud və Dilqəmdir. Belə ki, onlar çağırıb bu Şakirə deyə bilərdilər ki, niyə belə edirsən. Bunun işlədiyi rəhbərliklə qohumluq əlaqəsi olduğu üçün Şahlar işdə qoçu kimi saxlayırdılar. Ayın 14-ü günu Punhan gedib xəstəxanadan uşağını çıxardıb sonra hadisə baş verib. İşdə adı keçən Fərzəlizadələrin hər üçü mənim yaxın qohumlarımdılar.
Şakirin ailəsi tərəfdən bizimlə barışığa hər hansı cəhd olmayıb".
Məhkəmə prosesi sentyabr ayının 10-na kimi təxirə salınıb.
Xatırladaq ki, bu il martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Seymur Əli