Xaçmaz rayonu Yalama kəndində 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ağaxanov Ramin Rəhman oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Unikal" apa-ya istinadən  xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Ağaxanov Ramin Rəhman oğlu ömürlük azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Orxan Rüstəmov onun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.