"Kürd Elnur” ləqəbli Elnur Abbasovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq prosesində prokuror Babaxan Həsənəliyev ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, Elnur Abbasov ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Səbail rayonu ərazisində saxlanılıb.
Onun üzərinə şəxsi axtarış zamanı 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 4,315 qram olan psixotrop madde metamfetamin aşkar edilərək götürülüb.
Tədbirin davamı olaraq, Elnur Abbasovun razılığı və iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış zamanı soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülüb.
İttiham aktında o da qeyd olunub ki, ötən ilin avqustunda paytaxtın Nizami rayonu ərazisində Səidə İbrahimovanın Elnur Abbasova olan 150 manat borcunu qaytarmaması səbəbindən, Səidə İbrahimovanın oğlu Kənan Nəbiyevlə mübahisə yaranıb.
O, Kənan Nəbiyevin baş nahiyəsindən əli ilə vuraraq xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törədib.
E.Abbasov ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.
O bildirib ki, özünu 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilir, lakin 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə özümü təqsirli bilmir.
Daha sonra sərbəst ifadə vermək üçün təqsirləndirilən şəxsə söz verilib. Lakin vaxt azlığından məhkəmə prosesi təxirə salınıb.
Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasova qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.2-ci və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli