Bakıda gənc oğlanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Zərərçəkmiş şəxsin vəkili isə vəsatət qaldıraraq cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını və təqsirləndirilən şəxs barəsində daha ağır maddələrin təyin edilməsini istəyib. Daha sonra çıxış edən prokuror Cövdət Mehrəliyev cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə qısa müşavirədən sonra hər iki tərəfin vəsatətlərini təmin etməyib. Eyni zamanda işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmənin ilk baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki hadisə ötən ilin dekabrında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla məlum olub ki, 1975-ci il təvəllüdlü Elşən Nəbiyev şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Etibar Əliyevi bıçaqlayaraq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Elşən Nəbiyev Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli