18 iyul 2024-cü il tarixdə rayonun Evoğlu kəndində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən şəhid Nağıyev Zahid Baxış oğlunun dəfn mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, əvvəlcə hərbi orkestrin müşayiəti ilə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Cənazə namazından sonra şəhid yaylım atəşinin sədaları altında Evoğlu kənd qəbiristanlığında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.

1975-ci ildə Ağdam rayonunun Evoğlu kəndində anadan olan Nağıyev Zahid Baxış oğlu Birinci Qarabağ müharibəsində Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1994-cü il aprelin 18-də Cavahirli kəndində itkin düşüb.