Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs Muradzadə Ülvi Təzəxan oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, iclasda ilk olaraq hadisə yerində olan yeganə şahid dindirilib.
Müzəfəddin adlı şahid bildirib ki, həmin gün Ülvi öz məhləsində olub: "Hadisə yerində üçümüz olmuşuq. Mübahisə siqaret üstündə düşüb. 1-ci Dmitri vurdu Ülvini, o yıxıldı yerə. Onlar bir-birlərini əvvəldən tanımırdılar. Çalışdım aralayım. Ülvi durub əlindəki bıçaqla onun ayağına vurdu. Sonra hadisə yerindən uzaqlaşdı".
Prosesin növbəti mərhələsində zərərçəkmişin hüquqi varisi Samirə xanım qarşı tərəfdən barışığa cəhd olsa da, barışmayacağını məhkəmə heyətinin nəzərinə çatdırıb.
Sonra təqsirləndirilən şəxs Ülvinin qeyri-rəsmi yaşadığı qadının ifadəsi elan edilib. Məlum olub ki, Ülvi hadisəni törətdikdən sonra ilk olaraq sevgilisinə zəng edib və onlara gəlib: "Dodağı partlaq vəziyyətində idi. Dediyinə görə, dalaşdığı adam onun sifət nahiyəsinə kəllə ilə vurmuşdu. Mən işdən gəlib yorğun olduğumdan yatdıq. Ayılanda evdə polis əməkdaşları var idi, onlar Ülvini Xətai rayon Polis İdarəsinə apardılar. Dedilər ki, vurduğun adam xəstəxanada ölüb".
Hakim Siyavuş Hacıyev cinayət işinin içində materialları elan etdi. Məlum oldu ki, Dmitri Potapov barədə Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi olub.
Tərəflərin vəsatətləri olmadığından hakim məhkəmə istintaqının yekunlaşmasını elan edib və dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edib, Ülvi Muradzadənin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra zərərçəkənin hüquqi varisi dövlət ittihamçısının istədiyi cəza ilə razı olduğunu, qarşı tərəflə barışmayacağını israrla bildirib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi iyul ayının 31-nə kimi təxirə salınıb.
Xatırladaq ki, ötən il avqustun 6-da səhər saatlarında paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Dimitri Potapovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı hadisənin 1993-cü il təvəllüdlü Ülvi Muradzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanaraq istintaq aparılır. Ülvi Muradzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Seymur Əli