Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror Fuad Musayev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən edilib ki, Elgün Ocaqverdiyev özgənin əmlakını ələ keçirmək məqsədi 9 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən məktəbin qarşısında dayanan Ağa Eyvazlı və Əhməd Rüstəmli Əhməd Nurəddinə siqaret istəmək bəhanəsilə yaxınlaşıb.
Ağa Eyvazlının üzərilərində siqaret olmadığını bildirməsindən sonra sonuncunun əlində saxladığı içərisində 4000 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində pul kisəsini dartıb ələ keçirərək ümumilikdə 4 min 10 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq edib.
Bundan başqa o, təkrarən 2022-ci ilin noyabr ayının əvvəllərində Tiflizxan Bayramovla tanışları vasitəsilə təşkil olunmuş görüş zamanı sonuncunun keçmiş kürəkəni Ceyhun Cəfərzadəyə 2008-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 25 min 200 manat təşkil edən 30 min ABŞ dolları məbləğində verdiyi borc pulun Ceyhun Cəfərzadədən alınaraq qaytarılmasına köməklik edəcəyi və bunun müqabilində mükafatlandırılacağı barədə razışlaşıblar.
Sonra Ocaqverdiyev tanışı "Hikmət" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən o, Ceyhun Cəfərzadədə qorxu hissi yaratmaq üçün yaşadığı evin qarşısına gələrək içərisində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd təlim əl-qumbarası və 1 ədəd saplağı qırılmış qərənfil gülü olan bağlamanı qapının kənarına qoyub.
İttiham aktında qeyd olunub ki, bu hərəkətləri barədə "Hikmət" adlı şəxsi məlumatlandırdıqdan sonra Ceyhun Cəfərzadənin mobil telefon nömrəsinə zəng edib Tiflizxana ödənilməli olan pulun qaytarılmayacağı halda ailə üzvlərinin həyatına son qoyulması hədəsi ilə növbəti bağlamanın yaşadığı ünvana göndəriləcəyini bildirib.
Ceyhun Cəfərzadənin və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərəcəyi hədəsi ilə 25 min 200 manat xeyli miqdarda pulu təkrarən hədə-qorxu ilə tələb edib.
Bundan başqa, Elgün Ocaqverdiyev, zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli ǝl qumbarasını qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşıyaraq gəzdirib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ocaqverdiyev saxlanılaraq həmin polis şöbəsinə gətirilib. Orada üzərinə şəxsi axtarış keçirilən zaman F-1 tipli ǝl qumbarasının aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 180.1 (soyğunçuluq), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli