Bakıda özünü Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şahlar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş Xeyrulla Kərimov bildirib ki, təqsirləndirilən şəxs ona əvvəl 27 min ziyan vurub: "İş görəcəkdik, alınmadı. Danışmışdıq ki, mənim 60 kv-lıq olan zirzəmimi yeni formada təmir edək. Allahverdiyev özünü Əmlak Məsələləri Dövlət Xidmətinin üzvü kimi təqdim edib. Onunla otağında zirzəmini özəlləşdirmək üçün 27 min manat danışdıq. Şikayətim yoxdur, mənə dəyən zərəri ödəyib, barışmışam".
Zərərçəkmiş Hafiz Məmmədov deyib ki, Ş.Allahverdiyevi qardaşı vasitəsilə tanış olub: "Binəqədi rayonunda torpaq sahəsi var idi. Orada obyekt tikmək üçün danışıqlara başladıq. Qardaşıma "Art Dizayn" MMC -nin səlahiyyətli şəxsi olaraq təqdim edərək bütün sənədlərin hazır olmasına söz verdi. Hər ay pul istəyirdi və ödənişlər biz tərəfdən edilirdi. Ümumilikdə 50 min 500 manat pul vermişəm. Ondan cəmi 13 min manatını qaytarıb, yerdə qalanı tələb edirəm. Bu pulları layihənin hazırlanması və müvafiq dövlət qurumlarından sənədlərin alınmasına görə istəyib. Əlavə 30 min manat da istəyəndə düşündüm ki, bu iş alınan işə oxşamır. Çünki bizə qısa müddətdə işin həll ediləcəyi ilə bağlı söz verilmişdi. 37 min 500 manat pul hələ də qaytarılmayıb".
Təqsirləndirilən şəxs isə bildirib ki, o zərərçəkmiş şəxsdən 50 min 500 deyil, 42 min manat alıb.
Zərərçəkmiş Araz Salayev isə bildirib ki, atasının torpaq sahəsini özəlləşdirmək üçün təqsirləndirilən şəxslə danışıqlara gedib: "Atamın torpaq sahəsi var idi, onu özəlləşdirmək istəyirdik. Bizə dedilər ki, Şahlar Allahverdiyev adlı şəxs var, o bütün işlərin rəsmi qaydada həll edilməsində köməklik göstərəcək. Ümumilikdə 19 min manat pul vermişəm".
Qeyd edək ki, iş üzrə 4 zərərçəkmiş var. Onlara vurulmuş ziyanın ümumi dəyəri 300 min manatdır.
Ş.Allahverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli