Bakı Ağır Cinayətlər Məhkəmsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxslər- Həsənov Samir Hafiq oğlu və Ağayev Nurlan Əlləz oğlunun məhkəmə prosesinin son iclası keçirilib.
"Unikal"ın məlumatına görə, zərərçəkmiş qismində İsmayılov Rauf Əlövsət oğlu tanınıb. O, 425 min manat (250 min ABŞ dollar) pulu 20 illik dostu Nurlan Ağayevə biznes məqsədi ilə verib və üstündə faiz alacağını gözləyib.
Hakim Kamran Muxtarov məhkəmə çıxışları sona çatdığı üçün məhkəmə istintaqının bitdiyini elan edib. Dövlət ittihamçısı Samir Həsənovun 13 il, Nurlan Ağayevin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş Rauf İsmayılov çıxış edərək məhkəmədən ona dəymiş ziyanın ödənilməsini tələb edib.
Vəkil Ziya Ələsgərov çıxış edərək bildirdi ki, Nurlanın bu işdə heç bir cinayət əməli törətməyib: "Nurlan neçə illərdir ki, Raufla ailəvi dostdur, Samirlə də yaxın qohumdur. Samir özünə Abşeronda ev tikdirib, yoldaşına bahalı avtomobil alıb. Nurlan Raufa bahalı 2 avtomobil verib və bir əmlak təklif edib ziyanın əvəzinə. Cinayət işi eyni rayonda olub, 1-ci dəfə cinayət işinin başlanması barədə rədd qərarı verib, 2-ci dəfə isə rayon prokurorluğu cinayət işi başlayıb və Samiri də bu işə qoşublar. Biləsiniz ki, Nurlanın Samirə verdiyi pul miqdarı 405 min ABŞ dollarıdır ki, onun 250 mini Raufundur, qalanı isə özünə məxsusdur. Nurlan Samir barədə Binəqədi Rayon Məhkəməsində mülki qaydada iddia da qaldırıb. Samir bu məbləğdə pulu götürməsini ifadəsində də təsdiq edir. Nurlanın Raufa qarşı niyyəti dələduzluq olmayıb, sadəcə iş təklif edib ki, pul qoy, pul götür. Dəfələrlə də ona xeyir verib. Yəni, onun Raufa qarşı başqa niyyəti olmayıb. Ötən il may ayının 9-da Samir tutulmasaydı, mütləq şəkildə Raufun pulu qayıdacaqdı. Onun həmin epizodla tutulması barədə artıq məhkəmə hökmü var, mən bu işin detallarına varmaq istəmirəm. Məhkəmədən xahiş edirəm ki, Ağayev Nurlanın əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilsin.
Sonra Samir Həsənovun vəkili çıxış edərək prokurorun hüquqlarını müdafiə etdiyi müvəkkilinə 13 il cəza istəməyinin özünün bir yanlışlıq olmasını bildirdi: "Halbuki, Samirə 12 ildən artıq cəzanın istənilməyi düzgün deyil. Müvəkkilim barədə bəraət hökmünün çıxarılmasını istəyirəm".
Təqsirləndirilən Nurlan Ağayev də son sözlə çıxış edərək bildirdi ki, Samir onun yeznəsidir, Rauf isə dostudur: "Dəfələrlə Samir məndən pul istəyib və vaxtında da qaytarıb. Ən axırıncı aprel ayının sonunda Raufdan pul götürən vaxt bizim şirkətdə ödənişlər olmalı idi. Ödənişlər olmayanda sistem bloklanır. Elə bu vaxta kimi, Samir mənə 150 min dollar pul borclu idi. Raufdan götürdüyüm 150 min dollara isə 2 min ton sement almalı idim. Sadəcə sistem bloklandı, Samirin məndən pul istəməyinə sevindim. Samirə dedim ki, məndə olan pula görə üstündə Raufa 9 min dollar pul qaytarmalıyam. Biləsiniz ki, mən tez bir vaxta Raufun pulunu qaytarmaq istəyirəm. Əlimdə 500-600 min dollarlıq tikinti materialları var, mənə bəraət verin ki, qısa müddətdə Raufun pulunu qaytarım".
Təqsirləndirilən şəxs Samir Həsənov son sözündə Nurlanın heç bir günahı olmadığını qeyd edərək bildirdi ki, dəfələrlə Nurlandan pul alıb-verib: "Nurlan nəinki dostlara, tanımadığı bir insana kömək etmək istəyəndə də ən yaxşısını eləmək istəyib. Bu işdə səbəbkar mənəm".
Çıxışlardan sonra hakimlər müşavirə otağına gedib gəldikdən sonra hökmü elan etdilər. Hökmə əsasən Nurlan Ağayevə bəraət, Samir Həsənovu isə 11 il müddətinə azadlıqdan məhrum ediblər. Qeyd edək ki, Samir Həsənov məhkəmənin başqa bir hökmü ilə Cinayət Məcəlləsinin 178.4-cü bəndi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. İndi isə o, ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, dələduzluğa məruz qalan İsmayılov Rauf Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin keçmiş rəis müavini Əlövsət İsmayılovun oğludur. Ə.İsmayılov 2016-cı ildə işdən azad olunub. Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.
Seymur Əli