Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq xəsarət alıb. Hadisədən dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb və bu hadisənin terror aktı olduğunu açıqlayıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Seymur Əli