Yeni Zelandiyanın Oklend şəhərində evsiz insanlara kömək edən xeyriyyə təşkilatı təsadüfən tərkibində "ölümcül doza" metamfetamin (patı) olan konfet paylayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Auckland City Mission" xeyriyyə təşkilatı öz rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, yüksək dozada metamfetamin olan konfetlər naməlum şəxs tərəfindən dərnəyə bağışlanılıb.
Müfəttiş Glenn Baldvin, bağışlanan konfetləri istehlak edənlərin əksəriyyətinin "iyrənc" dadına görə onları tüpürdüyünü və bir adamın konfetin dadı ilə bağlı dərnəyi xəbərdar etməsindən sonra məsələnin səlahiyyətlilərə bildirildiyini açıqlayıb.
Baldvin, konfetin dadına baxan işçi də daxil olmaqla üç nəfərin xəstəxanaya yerləşdirildiyini, lakin sonradan evə buraxıldığını qeyd edib.
Yeni Zelandiya Dərman Fondunun sözçüsü Ben Birks Ang da fondun apardığı sınaqlarda şirniyyatların hər birində metamfetamin miqdarının olması lazım olduğundan 300 dəfə çox ola biləcəyini və bunun ölümcül nəticələrə səbəb ola biləcəyini bildirib. Ang, narkotik maddələrin konfet kimi məhsullarda gizlədilməsinin adi bir transsərhəd qaçaqmalçılıq texnikası olduğunu və konfetin hər biri təxminən 1000 Yeni Zelandiya dolları (təxminən 600 dollar) dəyərində olduğunu bildirib.
Son 6 həftədə bağışlanan konfetin nə qədərinin paylandığı və nə qədərində metamfetamin olduğu hələlik bəlli deyil.
Qeyd edək ki, mərkəzi sinir sisteminə güclü təsir göstərən və yüksək dərəcədə asılılıq yaradan sintetik maddə olan metamfetamin ümumiyyətlə ağ, qoxusuz, acı dadı olan kristallaşmış toz şəklindədir və suda və ya spirtdə asanlıqla həll olunur.
Gülayə Mecid