Türkiyə tarixinin ən böyük addımlarından biri olacaq “Polad qübbə” hava müdafiəsi sistemi layihəsinin icrasına başlayır.
"Unikal" xəbər verir ki, Türkiyənin yerli şirkətləri tərəfindən son zamanlarda hazırlanan yeni nəsil sistemlər vasitəsilə unikal bir qalxan yaradacaq “Polad qübbə” ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.
Fərqli keyfiyyət və güclərə malik hərbi texnikanı bir araya gətirəcəyi üçün "sistemlər sistemi" olaraq xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan “ASELSAN” və “ROKETSAN” şirkətləri, həmçinin bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onlar tərəfindən hazırlanan yerli sistemlər süni intellektdən istifadə edilərək bir-biri ilə inteqrasiya olunacaq.
Layihədə ASELSAN tərəfindən hazırlanmış hər cür hava şəraitinə uyğun özüyeriyən zenit silahı - QORQUT, hava hücumuna qarşı avtonom raket sistemi - HİSAR-A+, hava müdafiə sistemi GÖKDEMİR, hava və quru təhlükələrinə qarşı hazırlanan GÖKER silah sistemi, mobil lazer silah sistemi - GÖKBERK, qırıcı təyyarələrdən qanadlı raketlərə qədər geniş spektrli təhlükələrə qarşı orta hündürlükdə hava hücumundan müdafiə raket sistemi - HİSAR-O+ və daha bir hava müdafiə sistemi - SİPER istifadə ediləcək.
“Polad qübbə” layihəsində, həmçinin “ROKETSAN” istehsalı lazer sistemi ilə təchiz edilmiş mini/mikro toplu pilotsuz hava vasitələrini təhlükəsiz məsafədə zərərsizləşdirə bilən ALKA, mobil hava hücumundan müdafiə sistemi BURÇ, hava hücumundan müdafiə raket sistemi SUNGUR, dəniz vasitələrinə qarşı yer səthinə yaxın və ya yüksəkdən təhlükə yaradacaq texnikaları aradan qaldıracaq, elektron hücuma dayanıqlı raket sistemi LEVENT, müxtəlif raket və hərbi aviatexnikaya qarşı hazırlanan HİSAR raket ailəsi və uzun mənzilli regional hava müdafiə sistemi SİPER kimi müasir texnikalar da yer alacaq.
Layihənin əsasını təşkil edəcək amillərdən biri də süni intellekdir.
Layihə barədə danışan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu məqama aydınlıq gətirib. O deyib ki, “Polad qübbə” laylı hava hücumundan müdafiə sistemləri ilə bütün sensor və silahların bir şəbəkə quruluşu altında inteqrasiya olunmuş şəkildə işləməsi, eləcə də ortaq hava rəsminin yaradılması, real vaxt rejimində əməliyyat mərkəzlərinə çatdırması və süni intellekt dəstəyi ilə qərarvericilərə ötürülməsini təmin edəcək.
Ölkə səmalarında oynayacağı qalxan rolundan əlavə, günbəz düşmən elementləri üçün bir növ maneə olacaq.
Qeyd edək ki, Türkiyənin “Polad qübbə” sisteminin fəaliyyətə başlayacağı tarixə yaxın vaxtlarda aydınlıq gətiriləcəyi gözlənilir.