Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə baxımsız halda qalmış və ayaqları zədələnmiş fayton atı müvafiq qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub.

Bu barədə "Unikal"a IDEA İctimai Birliyindən bildirilib.

Qeyd edək ki, at xüsusi nəqliyyat vasitəsi ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və təyin olunmuş müalicəsinə başlanılıb. Hal-hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcəkdir.

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından Azneft meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumatlar yayılmışdı.