Bakıda xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxs Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Belə ki, Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarılıb.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Orxan Səmədov məhkəmədən təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, iş üzrə 8 zərərçəkmiş var və onlara dəyən ziyanın ümumi miqdarı 1 milyon 200 min manatdan artıqdır.
Belə ki, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub.
Azər İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki təqsirləndirilən şəxs barədə həm ibtidai, həm də məhkəmə istintaqı dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Seymur Əli