Son zamanlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə (şənliklər və yas mərasimlərində) istehlakı nəticəsində zəhərlənmə hallarına rast gəlinir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA tərəfindən aparılan araşdırmalar çərçivəsində bir sıra ictmai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlər zamanı qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır:
"Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssələrinin sahibləri tərəfindən bu cür obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, bu kimi hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir. Bəzi hallarda icarəyə götürülmüş ictimai iaşə müəssisələrində verilən qidalar məclis sahibləri tərəfindən evdə heç bir gigiyenik tələblər gözlənilmədən hazırlanaraq temperatur rejimi və sanitar-gigiyenik daşınma qaydaları gözlənilmədən bu müəssisələrə gətirilərək qonaqlara təqdim edilir. Bu kimi hallar kütləvi qida zəhərlənmələrinin baş verməsinə zəmin yaradır. Əksər hallarda ev şəraitində hazırlanan müxtəlif turşular, soyuq qəlyanaltılar, salatlar, sərinləşdirici içkilər isə heç bir sağlamlıq sənədi ilə müşayiət olunmadan digər yüksək riskli məhsullarla birlikdə kütləvi şəkildə istehlakçılara təqdim edilir".
Agentlik bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edərək, onları bu cür qanunsuz fəaliyyətdən çəkinməyə çağırıb:
"Bildirilir ki, belə kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir.
Qeyd olunan qanunsuz fəaliyyətlərlə bağlı hər hansı fakt aşkarlandığı təqdirdə, həmin ictimai iaşə müəssisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt tədbirlər görüləcək".