İspaniyanın Toledoya yaxın Mosehon şəhərində uşaqların məşq etdiyi futbol meydançasında faciəvi hadisə baş verib. 11 yaşlı oğlan bıçaq zərbəsi nəticəsində həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə "RTVE" məlumat yayıb.
Məlumata görə, hadisə saat 10:00 radələrində baş verib. Oğlan "Anxel Tardio" stadionunda digər uşaqlarla birlikdə futbol oynayırmış. O, meydançanın kənarında olarkən naməlum bir kişi ona yaxınlaşaraq bıçaqla zərbə endirib.
Hadisə yerinə dərhal təcili yardım həkimləri, tibbi vertolyot və intensiv terapiya şöbəsinin əməkdaşları gəlsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Həkimlər yalnız onun ölümünü təsdiqləyiblər.
Dünyasını dəyişən uşağın əmisi oğlu Asel Sançes KİV-ə açıqlamasında bildirib ki, ailə heç kimdən şübhələnmir.
"Bura sakit bir şəhərdir, belə bir şey heç vaxt baş verməyib," - deyə o vurğulayıb.
Hüquq-mühafizə orqanları şübhəlini tutmaq üçün onlarla patrul maşını və vertolyotun iştirakı ilə əməliyyat keçiriblər. Eyni zamanda, Toledodakı məhkəmə istintaqın məxfi saxlanılması barədə qərar verib.