Almaniyada xüsusi klinikadan 4 ruhi xəstə cinayətkar qaçıb, əhaliyə xəbərdarlıq edilib.
"Unikal" "Alman dalğası”na istinadən xəbər verir ki, hadisə ötən gecə Bavariyanın Ştraubinq şəhərində qeydə alınıb.
Polisin yaydığı məlumata görə, xüsusi klinikada ruhi xəstələr əməkdaşlardan birinə hücum edib, o, klinikanın qapısını açmağa məcbur olub. Qapı açıldıqda dərhal klinika əməkdaşını sərbəst buraxan 4 ruhi xəstə cinayətkar piyada Alburq şəhəri istiqamətində qaçıblar.
Polis həmin şəxslərin axtarışına vertolyot və xüsusi itlər cəlb edib, fotoları dərc olunub. Eyni zamanda qaçan ruhi xəstələrin təhlükəli olması barədə əhaliyə xəbərdarlıq olunub. Bildirilib ki, sürücülər yolda tanımadıqları şəxsləri avtomobillərinə götürməsinlər, fotolardakı şəxslərdən hər hansı birini görsələr, ona yaxınlaşmasınlar, polisə xəbər versinlər.