İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması təhlükə altındadır və hələlik alternativ yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onların fikrincə, son saziş layihəsi həm HƏMAS-ın, həm də İsrailin tələblərini nəzərə aldığı üçün bu günə qədər ən güclüsüdür. Bununla belə, Fələstin hərəkatının hazırkı şərtlərlə razılaşmanı qəbul etməyəcəyinə dair açıq bəyanatları bu təşəbbüsün iflasa uğrayacağı ilə bağlı qorxuları artırır.
“Politico” qeyd edir ki, əgər danışıqlarda iştirak edənlər bu həftə Qahirədə razılığa gələ bilməsələr, onların indi atəşkəs əldə etmək üçün heç bir variantı qalmaya bilər. Bu, öz növbəsində, İsrailin İran və Livanın şiə Hizbullah partiyası ilə münasibətlərinin kəskinləşməsinə, o cümlədən birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.
Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovların azad edilməsi məqsədi ilə məsləhətləşmələrin yeni raundu başlayıb. Misir, Qətər və ABŞ-nin birgə bəyanatında görüşlərin “pozitiv atmosferdə” keçdiyi bildirilib. Mətndə Vaşinqtonun Doha və Qahirənin dəstəyi ilə danışıqlarda HƏMAS və İsrail arasındakı fikir ayrılıqlarını azaldacaq bir təklif təqdim etdiyi bildirilir.
Gülayə Mecid