Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə video formatda məhkəmə iclası keçirilib.
"Unikal"ın məlumatına görə, iclasda müttəhimin vəkili Şəhla Hümbətova deyib ki, müvəkkilinin iclasda iştirak etmək üçün halı yoxdur.
"Hüseyn Abdullayevin vəziyyəti pisdir. O, müalicə olunmalıdır. Məhkəmədən xahiş edirik ki, bununla bağlı müzakirələr aparılsın".
Vəkil Cavad Cavadov isə, müvəkkilinin vəziyyəti haqqında Avropa İnsan Haqları məhkəməsinə müraciət etdiklərini deyib.
“Nəticələri aldıqdan sonra elektron sistemə yerləşdirəcəyik, xəstəliklərin hamısı sənədlərlə təsdiq olunub“.
Müttəhimin digər vəkili Ceyhun Yusifov onun səhhətinin pis olduğunu bildirib və Hüseyn Abdullayevin öz hesabına özəl klinikada müalicə olunmasına şərait yaradılmasını məhkəmədən xahiş edib. Həmçinin, tibbi rəy olana kimi məhkəmə iclasının təxirə salınmasını istəyib.
Qeyd edək ki, Hüseyn Abdullayev hakimin çıxardığı qərar əsasında Bakı İstintaq Təcridxanasından Müalicə Müəssisəsinə köçürülüb və bir gün müayinə olunduqdan sonra yenidən olduğu yerə qaytarılıb. Belə əsas qoyulub ki, səhhətində heç bir ciddi problem yoxdur.
Sabiq deputat da səhhəti bərpa olunana qədər iclaslarda iştirak etmək istəmədiyini deyib.
Məhkəmə iclası sentyabrın 5-nə kimi təxirə salınıb.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
Həbs müddətinin bitməsinə 40 gün qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan
Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Seymur Əli