Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.
DSX-dən "Unikal"a bildirilib ki, avqust ayının 25-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin su səthinin müşahidəsi zamanı 1 (bir) nəfər şübhəli şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsi müşahidə olunub.
Aşkar olunmuş şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.
Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 24.04.1998-ci il təvəllüdlü Mahmood Khil Bilal oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.