Sabah Bakıdakı matçda, əsasən, müdafiə xəttində diqqətli olmalıyıq.

"Unikal" xəbər verir ki, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: "Rəqib güclü komandadır. Nəzərə almalıyıq ki, öz meydanımızda oynamayacağıq. "Qarabağ"ın güclü azarkeş dəstəyi olacaq. Bu da bizə çətinlik törədə bilər. Amma qarşımıza məqsəd qoyaraq buraya gəlmişik. Əsas mərhələyə adlamaq istəyirik. Zaqrebdəki ilk görüşdə böyük hesablı qələbə qazanmağımıza baxmayaraq, yenə də əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında Zaqrebdə oynanılan ilk matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.