Evinin pəncərəsinə baxmaq üstündə qonşusunu bıçaqlayan Rəşad Mahir oğlu İsmayılovun növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən şəxs Rəşad İsmayılovun məhkəmə prosesində şahidlər ifadə verib.
"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxs İsmayılov Rəşad Mahir oğlunun anası Təranə İsmayılova şahid qismində ifadə verərək bildirib ki, oğlu bıçaqladığı Fərid Abıyevə deyib ki, yaşadığımız küçə yolu dardır, yol gedəndə yola bax, evin pəncərəsinə baxma. Hadisədə elə pəncərəyə baxmaq üstündə baş verib. Rəşad hadisəni törədəndən sonra qaçıb gedib atasının qəbri üstünə. Biz isə Rəşadın bıçaqladığı Fəridi xəstəxanaya apardıq, bütün müalicəsini elədik. 2-ci bıçaqladığı Rahim Salamov isə Fəridin dayısıdır. Rahim isə oğluma ana-bacı söyüşü söyüb, hadisə də ona görə olub. Barışıqla bağlı isə hadisədən sonra Fəridin anasına aparıb 3 min manat pul vermişəm. Deyib barışacağıq. Ancaq müstəntiq barışıqla bağlı çağırsada barışmadılar. Ondan sonra Rəşad gedib onların qapısına ki, niyə barışmırsız. 2-ci hadisə ondan ondan sonra baş verib. Rəşad xəstədir, qollarıda kəsikdir, əskərliyədə getməyib. Mən onkoloji xəstəyəm. Həyat yoldaşım 1-ci Qarabağ müharibəsi qazisi olub, rəhmətə gedib ".
Təqsirləndirilən şəxsin vəkili Azər Rəsulov vəsatət verərək bildirib ki, Rəşadın 2-ci xəsarət yetirdiyi Rahim Salamov ilk olaraq müdafiə etdiyi şəxsə taxta parçası ilə xəsarət yetirib: "Rəşadın aldığı xəsarətlərlə bağlı Bakı İstintaq Təcridxanasına sorğu verməyinizi xahiş edirəm".
Həmçinin vəkil Azər Rəsulov Rəşadla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığını və Rəşada Cinayət Məcəlləsinin 121 və yaxud 122-ci maddəsi tətbiq edilməsini istəyirəm: "Belə ki, Rəşadda psixi cəhətdən pozğunluq var, bədənindəki kəsiklərdə bunu sübut edir".
Hakimlər verilən vəsatətlərlə bağlı qərar verdilər. Vəkilin təkrar ekspertiza ilə bağlı vəsatəti təmin olunmadı, digər- Rəşadın bədənindəki xəsarətlərlə bağlı sorğu isə təmin olundu.
Məhkəmə prosesi sentyabr ayının 18-nə kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Səbail rayonu, Salyan şosesində qeydə alınıb. Rəşad İsmayılov ilk olaraq 1992-ci il təvəllüdlü Abıyev Fərid Mehman oğlunu şəxsi münasibətlər zəminində üzərində gəzdirdiyi cib bıçağı ilə bıçaqlayıb. Daha sonra onun dayısı Rahim Salamovun başına daş parçası ilə bir neçə xəsarət yetirib.
Seymur Əli