MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə idmançılar - Vüqar Kərəmov və Tofiq Musayev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılıb.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası sentyabr ayının 4-nə təyin edilib.
Xatırladaq ki, Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin elan etdiyi hökmə əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Rüfət Əsədov və Vüqar Kərəmov hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tofiq Musayevə isə 1500 manat pul cəriməsi təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.