Dünyanın ən qədim film festivalı olan Venesiya Film Festivalı 28 avqust tarixindən öz işinə start verib. Bu il 81-ci dəfə keçirilən festivalda duyğulu anlar yaşanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı Hollivud ulduzu Ancelina Colinin əfsanəvi opera müğənnisi Mariya Kallası canlandırdığı film festivalda iz buraxıb.
"Mariya" filminin qala gecəsində dəqiqələrlə ayaqda alqışlanan Ancelina Coli göz yaşlarını saxlaya bilməyib. Ekran işinin nümayişindən sonra tamaşaçılar ayağa qalxaraq 8 dəqiqə ərzində Colini alqışlayıblar.
Yayımlanan görüntülərdə altı uşaq anası olan məşhur aktrisanın kifayət qədər emosional olduğu və göz yaşlarını sildiyi görülüb.
Nümayişdən əvvəl keçirilən mətbuat konfransında layihə haqqında danışan Coli çətin rola hazırlaşmaq üçün təxminən 7 aya yaxın çalışdığını bildirib.
O, opera müğənniləri və təlimatçılarla işləyərək düzgün duruş, nəfəs alma və hərəkət texnikalarını öyrənib. İtaliyada avqustun 28-də başlayan 81-ci Venesiya Film Festivalı sentyabrın 7-də başa çatacaq.
Gülayə Mecid