Özlərini "Kasko sığorta" şirkətinin əməkdaşı kimi təqdim edərək avtomobil satmaq adı ilə 14 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq edənlərin növbəti  məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəllsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxslər - Calalov Fərid Calal oğlu və Habilli Kamil Seymur oğlunun məhkəmə prosesində ilk olaraq Fərid Calalov ifadə verərək özünü cinayət işində təqsirli bilmədiyini qeyd edib:

"Kamillə avtosalonda tanış olmuşuq. Maşın alıb gətirirdim, qonşularda görürdü. Yusif Babayev 29200 manat deyir ona ziyan vurmuşam, Yusifi Eldənizin vasitəsilə tanımışam. Bir neçə maşın satmışam ona. 7 mindən 3 ədəd "Toyota Corolla" satmışam. Elşən Rüstəmov isə qonşum olub, onu da yanıma Səbuhi gətirib. Deyir 29500 manat pul verməliyəm. Elşən rayon qeydiyyatındadır, neçə dəfə yoldaşının adına maşın sənədləşdirmişəm. Pulunu verdiyi maşınları sənədləşdirib adına salmışam. 5 mini şişirdib 50 min yazıblar. 

Səbuhi Rüstəmov deyir 42500 manat borcum var, ancaq heç bir borcum yoxdur. Bu epizodla bağlı Habilli Kamilin heç bir rolu yoxdur. Avtomobilləri 4 nəfər tanışının adına sənədləşdirmişəm. Seymura "Pajero", Əhlimana "Santafe", Eminin özünə Aİx-35, Zaura isə "Sonata" vermişəm. Bilal Muradzadədən 15-20 maşın vermişəm. Deyir, 97 min verəcəyim var. Ona "Opel", "Pikap" və sairə maşınlar vermişəm. Onu 2012-ci ildən tanıyıram. 

Vüqar Rəfiyevlə Yusif bir yerdə şərik idilər. Yusifə 2 cip- Prado və Padfainder, 3 "Toyota Corolla" vermişəm, heç bir borcum yoxdur. Kamilin heç bir rolu olmayıb. Rüstəmov Eldəniz deyir 40500 manat borcum var. Ford tranzit vermişəm, sonra problemlər çıxdı borcunu qaytardım. 2 maşın verməli idim. Mənimlə şərik işləyən adam olub. 

Kamran Vəliyevə 6-7 min manat borcum var. "Toyota Corolla" verməli idim, verə bilmədim. Sabit Səfərov 42400 manat həqiqətən borcum var, ona 2 ədəd "Sorento" verməli idim, alındıra bilmədim. Maşınları Kamildən almışam, hamısını qeydiyyata salıb. Fəxri Cəfərova 197500 manat borcum yoxdur, 55 min bir, 30 mində bir verib, qarşılığında hamısına maşına vermişəm. Taleh Mirzəyevə deyir 7 min manata borcum var, onu ümumiyyətlə tanımıram. Rafiq Vəliyevə 3 min manat borcum var, Corolla verməli idim, 700 manatını qaytardım, qalanını verə bilmədim. 3 epizodda özümü təqsirli bilirəm. 

Elşən Rüstəmov isə ifadə verərkən dedi ki, 29500 manatın 14500 manatını Kamilə, qalanını Fəridə verib.  

Zərərçəkənin nümayəndəsi Osman Kazımov Fəridə belə bir sual ünvanladı.

- Nə üçün maşınları nomrəsiz gətirirdiniz?

F. Calalov:

- Nömrəsiz idi, almazdılar. 

O.Kazimov:

- Nə üçün satdığınız maşınların sənədlərini ibtidai istintaqa təqdim etməmisiniz?

F. Calalov:

- Mən bu suala cavab verməkdən imtina edirəm. 

Fərid sonra bildirdi ki, "mən maşınları gətirib qoyurdum həyətə, Eldənizlə Səbuhi satırdılar bu gördüyünüz şəxslərə. Onlarla mən maşın alverində ortaq olmuşam.  Səbuhi bir neçə dəfə Kamillə mənsiz əlaqə saxlayırdı. Bu zərərçəkən şəxslərdən hətta bizi girov saxlayanda olub. 

Səbuhi yaxşı bilir, mənimlə diz-dizə pul qazanıb. 

Elgün Rüstəmova Pikap, A3-35 verib DYP həyətində  rəsmiləşdirmişəm. Mənim ona 138 min manat borcum yoxdur. 

Elgün Rüstəmov isə bildirdi ki, mənə borcu olduğunu etiraf edib və deyib ki, Ağcabədidə soğan əkmişəm, satıb pulunu verəcəm. 

Fərid Calalovun vəkili Mirdamət Qədirov: 

- Necə sübut edə bilərsiz ki, Fəridə 138 min manat pul vermisiz?

Zərərçəkən Elgün Rüstəmov bu suala konkret cavab verə bilmədi. 

Vüqar Rəfiyev: "Mənim Yusiflə heç bir şərikliyim olmayıb. 11 min manatı "Elit" Ticarət Mərkəzinin yanında, pulun digər hissəsini "Tərlan" şadlıq evinin yanında, bir hissəsini isə öz evimdə vermişəm Fəridə. 

Mənə müraciət edən olmayıb maşına görə, ancaq Eldənizə müraciət ediblər".

Qeyd edək ki, məhkəmə prosesi sentyabrın 23-dək təxirə salınıb.