Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Kərimova Tənzilə Adil qızının məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, ittiham aktında göstərilib ki, Tənzilə Kərimova 81 nəfərin "Onlayn lotereya" adı ilə internet üzərindən 1 milyon 232 min 559 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Qeyd edək ki, təqsirləndirilən şəxs Tənzilə Kərimova barəsində istintaq orqanı "polis nəzarəti altına vermə qismində" qətimkan tədbiri seçib.
Məhkəmədə ifadə verən T. Kərimova bildirib ki, bu biznesi idarə edən vaxt özünə aid 5 bank kartı olub. Həmin kartlar onun, qardaşının, yaxın qohumlarının adına olub. Ödənişlər ancaq kart vasitəsilə olub, heç vaxt kimdənsə nağd pul almayıb. İlk olaraq bir neçə qrup rəhbərini özü cəlb edib, sonrakı qrup rəhbərlərinin heç birini şəxsən tanımayıb. Şəbəkədə 11 qrup rəhbəri olub, hər qrupda da 10-12 nəfər oyunçu olub. Hər qrup rəhbərinin özünün və yaxınlarının bank kartı olub. Qrup rəhbəri olan İlahə xanım deyirdi ki, elə vaxt olub 1 gün ərzində bank kartında 200 minlik dövriyyə olub.
Təqsirləndirilən şəxs Tənzilə Kərimova çıxış etdikdən sonra zərərçəkən qismində tanınan Nigar Akif qızı Orucova belə bir ifadə verdi: "Mənim şəbəkəyə qoşulanda Tənziləyə dedim ki, uşağım qan xəstəsidir, ona görə bura qoşuluram pul qazanım. Mən ancaq pul yatırmışam, heç vaxt pul çıxarmamışam. Bir gün Tənzilə mənə dedi ki, bu gün kartına pul yatıracam, ancaq bir qəpik də yatırmadı".
Sonra digər zərərçəkən Abdulxalıqova Rəxşəndə Özbək qızı da bildirdi ki, bütün pullar karta Tənzilə xanımın razılığı ilə atılıb: "Yəni şəxsən mən özü ilə danışıb sonra karta pul atmışam".
Məhkəmənin növbəti gedişində hakim Eldar İsmayılov tərəfindən məhkəməyə gəlməyən dindirilməmiş və adı ittiham aktında keçən qrup rəhbərləri və zərərçəkənlər barədə polis vasitəsilə məcburi gətirmə qərarı qəbul edildi.
Məhkəmə prosesi sentyabr ayının 25-nə kimi təxirə salındı.
Qeyd edək ki, 2022-ci ilin aprel ayından başlayaraq Tənzilə Kərimova internet üzərindən "Onlayn lotereya" oyunları təşkil etməklə qruplar yaradaraq insanların etibarından sui-istifadə edərək 81 nəfərin 1 milyon 232 min 559 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. İlk əvvəl oyunçu qoşulmaq üçün hər bir şəxsdən 180 manat pul qəbul olunurdu, 8 nəfəri ödənişi cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilirdi. 2022-ci ilin iyul ayından «qat» sistemli oyun yaratmışdır. Həmin sistemə əsasən yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə edirdi. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında toplanırdı. Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilirdi. Yəni iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust ayının 5-də 2500 manat pul götürürdü. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırırdı. Depozit pullar onun bank kartı hesablarında yığılırdı. Misal üçün iyul ayının 5-nə kimi qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat deyil 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba yatırılırdı. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsin ödənişi verilirdi.
Əsasən qadınlardan ibarət olan zərərçəkənlər məcbur qalıb DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ediblər və Tənzilə Kərimova barədə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Seymur Əli