Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı həbs edilən İbrahimov Tağı Hüseyn oğlu və Rzayev Toğrul Nazim oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
“Unikal”ın məlumatına görə, təqsirləndirilən şəxs Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sədrlik edir. Hakim elan edib ki, məhkəmə yeni tərkibdə işə baxır. İlk olaraq Tağı İbrahimovun anket məlumatları dəqiqləşdirilib. Tağı İbrahimov əvvəllər ATV kanalının prezidenti olduğunu hakimin nəzərinə çatdırıb. Sonra digər təqsirləndirilən şəxs Toğrul Rzayevin anket məlumatları dəqiqləşdirilib. Toğrul Rzayev hadisə baş verənə kimi "Bakı Ağac Emalı" ASC-də icarə haqqlarını yığdığını qeyd edib. Hakim məhkəmə zalında olan zərərçəkənlərə hüquqlarını izah edib və onlara ittiham aktlarını aldığını dəqiqləşdirib.
Sonra Tağı İbrahimovun vəkili Türkel Süleymanlı müvəkkili barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin vergiyə olan borcundan qismən ödədiyini, zərərçəkənlərin bəziləri ilə barışığın əldə olunmasını qeyd edərək vəsatət verib. Toğrul Rzayevin vəkili isə məvəkkilinə Cinayət Məcəlləsinin 225-ci maddəsinin düzgün tövsif olunmadığını bildirib. Vəsatətini belə izah edib ki, Toğrul Rzayevin "Bakı Ağac Emalı" ASC-yə rəsmi olaraq heç bir aidiyyatı olmayıb. Sadəcə o, dayısının obyektindən hər ay yaxın adam kimi icarə haqqı yığıb. Onun üzərində sərəncam verici, icraedici funksiyası olmayıb. HəmçininToğrul Rzayev ibtidai istintaqdan qaçıb gizlənməmişdir, həbs olunana kimi istintaqa şifahi göstərişləri əsasında köməklik göstərib. Himayəsində azyaşlı övladı var, ailəyə yeganə qazanc gətirən şəxsdir. Onun barəsində həbs-qətimkan tədbirini daha yüngül qətimkan tədbiri ilə əvəz edəsiniz.
Hakim dövlət ittihamçısı Eldar Məmmədovun vəkillərin verdiyi vəsatətlərlə bağlı mövqeyini öyrənib. Dövlət ittihamçısı heç bir vəsatətin təmin olunmamasını istəyib.
Hakimlər müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edib. Hakim cinayət işinin məhkəmə baxışına verilməsini, vəkillərin verdikləri vəsatətlərin təmin olunmamasını qeyd edib.
Məhkəmə prosesi 12 sentyabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, cinayət işində 44 nəfər zərərçəkmiş qismində tanınıb.
Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır, həmçinin o, ATV kanalının keçmiş prezidenti olub. Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.