Sentyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına bu gündən sonra daxil olmuş müraciətlərə baxılmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, müraciətlərə baxılması müddəti bu gündən başa çatır.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.