Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə təqsiləndirilən şəxs Ağayeva Səbinə Cavanşir qızının məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkən şəxslərin- Lətafət Əzimovanın, Vüsalə Bayramovanın və Nəzakət Abdullayevanın anket məlumatlarını dəqiqləşdirib.  Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb. İlk olaraq Vüsalə Musayeva ifadə verib: "Mənim geyim malları satılan mağazam var, yeni mallar gəlmişdi, başım qarışıq idi. Səbinə 2 saata yaxın guya mallar almaq adı ilə, səmimiliyimdən istifadə edərək mənim çantamdan 240 manat pulumu aparıb".

Təqsirləndirilən şəxs Səbinə Babayeva oğurluq cinayətini narkotik ehtiyacını ödəmək üçün etdiyini bildirib. Qeyd edək ki, Səbinə Ağayeva dəfələrlə məhkum olunub və 6 uşaq anasıdır.

Digər zərərçəkmiş şəxs Lətafət Əzimova 2160 manat ziyan çəkdiyini bildirdi: "Həmin pul onkoloji xəstə olan oğlumun əməliyyat pulu idi, 19-da bankdan kredit götürmüşdüm, 23-də hadisə baş verdi. 30-da isə əməliyyat olundu. Çantamdan 1560 manat pulumu və 600 manat dəyərində telefonumu götürüb. Mən Zahid Xəlilov küçəsində yerləşən gözəllik salonunda administrator işləyirəm, hadisə də orada baş verib. Eşitdim ki, həmin gün polis onu tutub, gedib sənədlərimi Yasamal Məhkəməsindən götürsəm də, pul yox idi".

Səbinə Ağayeva hadisəni törətdiyini və həmin puldan 200 manat xərclədiyini etiraf etdi: "Qalan pul isə tutulanda kaşlyokumda idi".

Zərərçəkən Nəzakət Abdullayeva Azadlıq metrosunun yanında geyim mağazası işlətdiyini qeyd etdi: "Bu qadın girdi mağazaya 4-5 sumka geyim əşyaları yığdı almağa. Sonra çıxdı çölə ki, taksini yola salım, metro ilə gedərəm, hələ alacağım əşyalar var. 3610 manat ziyan çəkmişəm, mizin üstündən qızıl qolbaq, pul və telefonu aparıb. Kaşlyokun içindən pulu götürub özünü zibil qabına atmışdır. Mənim 10 gün idi anam rəhmətə getmişdir. Sən gəlib məndən 4 min manat istəyərdin verərdim, mənə bu qədər stress yaşatmazdın".

Məhkəmə prosesi sentyabr ayının 20-nə kimi təxirə salındı.

Qeyd edək ki, 1990-ci il təvəllüdlü Səbinə Ağayeva oğurluq cinayətləri ilə bağlı axtarışda olub və ötən ilin marta ayında Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Seymur Əli