Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) və 310-cu maddəsi ilə təqsirləndirilən şəxslər- Pəhlivan Gülalıyev, Azər Mirzəyev və Yusif Balayevin məhkəmə prosesində şahidlər dindirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq Ağasəf Rəhimov şahid qismində dindirilib. O bildirdi ki, mən gedib qol çəkdim ki, mən bu adamlardan heç kimə torpaq satmamışam, həmin ərazi bizim ərazi deyil. Mənim imzamı saxtalaşdırıblar, həm də həmin ərazinin bizə aidiyyatı yoxdur. Mən Pərvin Süleymanov adlı və təqsirləndirilən şəxslərdən heç kimi tanımıram. Mən 2004-cü ildən 2010-cu ilə kimi Yeni Suraxanıda bələdiyyə sədri olmuşam, indi isə yerimdə oğlum Fuaddır bələdiyyə sədri. Mən işləyən illərdə Bakı Şəhər İcra Hakimiyyəti ümumilikdə 4 hektar bizim bələdiyyəyə torpaq ayırıb. Onu da 3 və 6 sotdan vətəndaşlara vermişəm. Bu təqsirləndirilən şəxslərin heç biri bələdiyyəyə torpaqla bağlı müraciət etməyiblər. Bu danışılan ərazi SOCAR-ın balansındadır".
Təqsirləndirilən şəxslərdə keçmiş bələdiyyə sədri olan şahidi tanımadıqlarını qeyd etdilər.
Zərərçəkmiş şəxsin vəkili Kərim Bağırov mülki iddia ilə bağlı vəsatət verdi. Qeyd edək ki, ümumi ziyan 55 min manatdır, onun 10 min manatını təqsirləndirilən şəxslər ibtidai istintaq vaxtı ödəyiblər.
Məhkəmə prosesi sentyabrın 27-nə kimi təxirə salındı.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sahibkar Pərvin Süleymanovun şikayəti əsasında Gülalıyev Pəhlivan Gulalı oğlu, Mirzəyev Azər Əlif oğlu və Balayev Yusif Qətdal oğluna qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda törədilməklə dələduzluq etmə) və 310-cu maddəsi ilə cinayət işi başlanıb. Belə ki, adları çəkilən şəxslər Pərvin Süleymanova Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qanunsuz torpaq satıblar.
Seymur Əli