Sentyabrın 19-da Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti arasında ikigünlük görüşə start verilib. Görüşün məqsədi Dubayda keçirilən COP28 tədbirinin təşkili zamanı əldə edilən təcrübəni bölüşmək və mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirməkdir.
Bu barədə "Unikal"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bu təcrübə mübadiləsi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi təmsil edir. BƏƏ nümayəndə heyətinə isə BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi (GCAA), Dubay hava limanları, biznes aviasiya və VIP xidmətlər üzrə ixtisaslaşmış “Jetex” şirkəti, həmçinin Dubay Aeronaviqasiya Xidmətinin (DANS) nümayəndələri daxildir.
Bu görüş Azərbaycan ilə BƏƏ arasında davamlı inkişaf və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Tədbirin əsas mövzularından biri də COP29-a hazırlıq çərçivəsində BƏƏ-nin iri beynəlxalq tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübələrini öyrənməkdir.
Azərbaycan və BƏƏ-nin aviasiya sənayesi nümayəndələrinin qarşılıqlı fəaliyyəti qabaqcıl həll və təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradır. Görüş çərçivəsində logistika, uçuşların təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi və sərnişin məmnuniyyətinin artırılması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, aviasiya sahəsində rəqəmsal texnologiyaların tətbiqi və hava limanlarının idarə edilməsi səmərəliliyinin yüksəldilməsi mövzuları da diqqət mərkəzindədir.