Qazaxıstanın paytaxtı Astanada “Yeni dünyada beynəlxalq maliyyə sistemi” adlı forum keçirilib.
"Unikal" xəbər verir ki, beynəlxalq forumda Azərbaycandan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Natiq Şirinzadə iştirak edib. O, ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi istiqamətində müzakirələrə qatılıb.
Azərbaycanlı mütəxəssis “Faydalı qazıntı yataqlarının rasional hasilatının iqlim dəyişikliklərinə təsiri” mövzusu üzrə əsas məruzəçi qismində təqdimatla çıxış edib:
“Мineral xammalın istismarı planetin iqliminə əhəmiyyətli təsir göstərir. Təbii resursların hasilatı, işlənməsi və istehlakı istixana qazlarının emissiyalarının həcmini müəyyən edir. Belə olan halda torpaqdan və enerji resurslarından səmərəli istifadə məsələsinə daha çox diqqət yetirilməlidir, əks halda qlobal istiləşmənin 1,5°C ilə məhdudlaşdırılması baha başa gələr, hətta qeyri-mümkün olar.
Azərbaycan dövləti müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Cənubi Qafqazın aparıcı ölkəsidir, regionun iqtisadi, siyasi və humanitar mərkəzidir. Azərbaycan COP29 kimi mühüm qlobal ekoloji layihəni təşkil edir. Noyabrda bütün dünyanın diqqəti Bakıya yönələcək. Bu tədbir bir daha sübut edəcək ki, Azərbaycan müasir sivilizasiyanın ayrılmaz hissəsi olaraq ümumbəşəri dəyərlərə malikdir.
COP29-un təşkili “yaşıl iqtisadiyyat”a keçid strategiyamızın məntiqi davamıdır. Azərbaycan Prezidenti tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu missiyaya verilən əhəmiyyətin təsdiqidir. Biz vədlərlə kifayətlənmirik, strateji ekoloji qərarlarla praktiki nəticələr əldə edirik. Azərbaycan dövləti 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı hədəfləyir. Azərbaycan həm də bərpa olunan enerji mənbələrində yüksək potensiala malik ölkələrdəndir.
İqlim dəyişiklikləri artıq bütün dövlətlər üçün danılmaz bir reallıqdır. Mədənçilik fəaliyyətləri nəticəsində yaranan istixana qazı tullantıları dünyaya hər il 3 trilyon dollar civarında zərər vurur. Bunu "Carbon Brief" nəşri yazır. Təəssüf, hər kəs qlobal ekoloji problemlər barədə danışsa da az ölkə bu istiqamətdə konkret addımlar atır. Bir sıra ölkələr ümumiyyətlə öhdəliklərini yerinə yetirmirlər. Azərbaycan isə öz üzərinə düşəni yüksək səviyyədə yerinə yetirəcək və iqlim dəyişikliyilə mübarizədə özünün yeni modelini yaradacaq. Azərbaycan modeli təbii resurslardan minimum israfla, uzunmüddətli faydalanmağı, sənaye tullantılarının təkrar emalını və yer təkindən qənaətlə, təhlükəsiz istifadə prinsiplərini əsas götürür. Bu məqamda şübhəsiz, innovasiyaların və beynəlxalq təcrübənin də mütərəqqi nailiyyətlərinin tətbiqi zəruridir.”