"Möhtərəm cənab Prezident, Sizi Qarabağ Universiteti ailəsi adından böyük şərəflə və sonsuz qürur hissləri ilə salamlayırıq. Biz də fürsətdən istifadə edərək, ilk növbədə, Sizi 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə bütün kollektivimiz adından təbrik edirik.Təbii ki, bu gün Qarabağ Universitetinin açılışını Sizin iştirakınızla etməyimiz Ali Baş Komandanlığınızla qazanılmış tarixi Zəfərin növbəti təntənəsidir. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk".
"Unikal" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışı zamanı deyib.
"İlk növbədə, xüsusi vurğulamaq istəyirəm ki, Qarabağ Universitetini yaratdığınıza və onun qısa bir zamanda fəaliyyətə başlamasına çox böyük dəstək göstərdiyinizə, davamlı qayğınıza görə bütün heyətimiz adından Sizə təşəkkür edirik.
Sizin müvafiq tapşırıq və göstərişləriniz əsasında Qarabağ Universitetinin qurulması yolunda işlərimiz sürətlə davam edir. Çox qısa olaraq məlumat vermək istəyirəm ki, bütün heyətimiz çox peşəkar insanlardan formalaşdırılıb. Bizi çox sevindirir və qürurlandırır ki, Qarabağ Universitetinin ilk tələbələri üçün elan etdiyimiz qəbul planı tam dolub və xüsusi vurğulayaq ki, tələbə qəbulu çox keyfiyyətli olub. Universitetimizə qəbul olan tələbələr arasında imtahanlarda yüksək bal toplayan gənclərimizin sayı çoxdur. Bu, bizi qürurlandırır və keyfiyyətli universitet quruculuğu yolunda daha da ruhlandırır".