Santa Barbaradakı Kaliforniya Universitetinin amerikalı alimləri kişi orqanizmində beyin həcminə təsir edən hormonal dövranı aşkar ediblər.
"Unikal" xəbər verir ki, tədqiqat "Journal of Neuroscience" (JONS) elmi jurnalında dərc olunub.
Mütəxəssislər maqnit rezonans görüntüləmə (MRT) vasitəsilə 26 yaşlı kişinin beynini 30 gün ərzində 40 dəfə skan ediblər. Seanslar ya səhər saat yeddidə, ya da axşam saat səkkizdə keçirilib.
Tədqiqat göstərib ki, kişi orqanizmində beyin həcmi steroid hormonların - testosteron, kortizol və estradiolun səviyyəsi ilə bağlıdır. Məlum olub ki, gün ərzində könüllünün beynindəki boz maddənin həcmi orta hesabla təxminən 0,6% azalıb.
Korteksin ən çox kiçilən iki sahəsi oksipital və parietal olaraq bilinir. Dəyişikliklər daha dərin beyin strukturlarında, o cümlədən beyincik, beyin sapı və hipokampusun hissələrində də müşahidə edilib. Bu sahələr müvafiq olaraq motor koordinasiyası, beyin və bədən arasında məlumat ötürülməsi və xatirələrin saxlanmasında iştirak edir.
Beynin həcminin azalması hormonların gündəlik azalması ilə paralel olaraq baş verir. Bununla belə, müşahidə edilən dəyişikliklərin arxasındakı hərəkətverici qüvvənin hormonlar olub-olmadığı hələ aydın deyil.